Azər Məmmədov, “Vitta” elmi-texniki şirkətində biznesin inkişafı üzrə direktor
– Şirkət 1991-ci ildə elm və texnika sahələri üzrə aparıcı mütəxəssislər tərəfindən ilk növbədə səhiyyə tələbatlarını qarşılamaq üçün təsis edilsə də, qısa vaxt ərzində ölkəmizdə tibbi avadanlıqların idxalı üzrə liderə çevrilmişdir. Şirkət 2007-ci ildə daha əvvəl də səhiyyə sahəsi üzrə əlaqələrə malik olduğu “General Electric” şirkətinin rəsmi distribyutoruna çevrildi və rəsmi distribyutorluq bizim müəssisənin yerli bazardakı fəaliyyət sahəsini daha da genişləndirdi.
“Vitta” şirkəti 2013-cü ildən bəri fasiləsiz enerji təchizatını reallaşdırmaqla yanaşı, enerji və digər sənaye şirkətlərinə müxtəlif xidmətlər təklif edir. Şirkət 2014-cü ildən etibarən “General Electric” şirkətinin qeyri-destruktiv nəzarət üzrə rəsmi distribyutoruna çevrildi.
Şirkətimizin rəhbərliyi bu kimi tədbirlər fonunda səhiyyə sərgilərində müntəzəm olaraq iştirak etməklə yanaşı, eləcə də digər texniki forumların iştirakçısı olmaq barədə qərar qəbul edib. Biz ötən il “Bakutel” sərgisində iştirak edərək “General Electric” şirkətinin “yaşıl” və ya ekoloji cəhətdən təmiz məhsul və həll variantlarını təqdim etdik. Bu il isə “Caspian Power 2015” sərgisində iştirak etmək qərarına gəldik. Bu qərar ölkəmizin regiondakı rolu ilə bağlıdır, belə ki, heç bir böyük regional layihə Azərbaycandan yan keçə bilməz. Bu, bizə “General Electric” şirkətinin qeyri-destruktiv nəzarət sahəsindəki həll variantları ilə yanaşı, sözügedən layihələrdə yer tutmaq üçün əlavə şans verir. Bu il “General Electric” şirkətinin nümayəndəsi də bizimlə birlikdə stenddədir. Çoxsaylı ziyarətçi və mütəxəssislər avadanlıqlarla tanış olmaqla yanaşı, həmin avadanlıqların istifadəsinə dair istehsalçı şirkətdən ixtisaslı məsləhət ala bilərlər. Sərgi yeni istiqamətləri istər bizi tanıyan, istərsə də yeni şirkətlər üçün geniş şəkildə işıqlandırmağa imkan verir.