Vyaçeslav Lebedev, “Energomera” şirkətinin sərgi və seminarlar bölməsinin rəhbəri
– Şirkətimiz Rusiyada elektrik enerjisinin uçotu üzrə cihaz və sistemlərin nəhəng istehsalçısıdır. Deyə bilərik ki, Rusiyada istifadə edilən hər üç elektrik sayğacından birinin üzərində “Energomera” şirkətinin ticarət nişanı var. Bizim zavodlar Avropa səviyyəli yüksək texnoloji müəssisələrdir. Onlardan dördü elektrotexniki təmayüllüdür və elektrotexniki cihazqayırma korporativ institutu şirkətin “Energomera” Elektrotexniki Zavodlar ASC adlanan törəmə strukturunu təşkil edir. Biz bu şirkəti Bakıda keçirilən sərgidə təqdim edirik.
Bu tədbirdə hər il iştirak etməyimiz bizə öz yeni məhsullarımızı təqdim etmək imkanı verir. Burada stendimizdə modemli sayğaclar silsiləsi, altıncı nəsil sayğaclar və elektrik enerjisinin kommersiya uçotu üzrə avtomatlaşdırılmış sistemlər təqdim edilir. Bu məhsul Rusiya ilə yanaşı, xarici ölkələrdə də böyük tələbat duyulan cihazdır.
Biz gələcəkdə də Bakıda keçiriləcək sərgilərdə iştirak etmək niyyətindəyik. Bu sərgi öz miqyası, infrastrukturu ilə bizi qane edir, Bakıdan olan tərəfdaşlarla görüşlər keçirməyimizə imkan verir və yeni əlaqələr qurmağa şərait yaradır. Azərbaycan Respublikasının Energetika Nazirliyi və regional energetika strukturları kimi potensial müştərilər bizim maraq dairəmizə daxildir.