İtaliyanın şimalında yerləşən şirkətimiz elektrik enerjisinə qənaət üçün komponentlərin istehsalı və işlənib hazırlanması ilə məşğuldur. Bu, əsasən günəş panellərinin, külək elektrik stansiyalarının və su elektrik stansiyalarının istehsal etdiyi bərpa olunan enerjiyə aiddir.
“Caspian Power” sərgisində biz yeni GEAHF (Gruppo Energia Active Harmonic Filter 3 in 1) avadanlığını təqdim edirik. Bu cihaz eyni anda üç məsələni həll etməyə kömək edir. GEAHF xüsusi olaraq şəbəkədə harmoniklərin son dərəcə sürətlə aradan qaldırılması üçün nəzərdə tutulub və cavablandırma müddəti 20 ms-dən az təşkil edir. Xüsusi hazırlanmış alqoritm sayəsində GEAHF harmonikada potensial rezonansı aşkarlaya və sistemi pozmamaq üçün onun kompensasiyasını söndürə bilir. Harmonika nöqteyi-nəzərdən ən çox risk altında olan şəbəkələrdə belə cihazın səmərəliliyi 97%-ə çatır. GEAHF həm tutumlu, həm də induktiv yükləri kompensasiya etməklə qurğunu əlavə enerji xərclərindən azad edir.
Bundan əlavə, güc əmsalının dəqiq korreksiyası naqillərdən keçən cərəyanı azaldır ki, bu da qoruyucu cihazların həddindən artıq qızmasının və işə düşməsinin qarşısını almağa imkan verir. Bütün digər funksiyalar 100% aktiv qalarkən, cihazın rezonans tezliklərində (müəyyən harmoniklər) işləməsinə imkan verməyən xüsusi alqoritm işlənib hazırlanıb. Bütün bunlar mövcud elektrik infrastrukturundan daha səmərəli istifadə etməyə, elektrik enerjisi xərclərini əhəmiyyətli dərəcədə azaltmağa və gərginlik profilini yaxşılaşdırmağa imkan verir.
Bu, sözügedən sərgidə ilk iştirakımızdır. Əsas məqsəd Azərbaycan bazarında tərəfdaşlar tapmaqdır. Ümid edirik ki, uzunmüddətli əməkdaşlıq edəcəyimiz distribütorlarla tanış ola biləcəyik. Təfərrüatları və gələcək planları müzakirə etmək üçün sərgidə gözlədiyimiz mümkün müştərilərlə artıq danışıqlar aparmışıq.
Hesab edirəm ki, belə sərgilərin keçirilməsi enerji sektorunun inkişafında mühüm rol oynayır. Biz uzun illərdir ki, beynəlxalq sərgilərdə iştirak edirik və hesab edirik ki, bu tədbirlər bazarın inkişafında vacib əhəmiyyət kəsb edir. Şirkətlər uzunmüddətli tərəfdaşlıq axtarırsa, işgüzar tanışlıqlar vacibdir. Gələcəkdə Azərbaycanda biznesimizi inkişaf etdirməyi planlaşdırırıq, çünki ölkədə enerji və neft sektorlarında sürətli tərəqqi müşahidə olunur. Ümid edirik ki, sərgidən bəhrələnəcəyik və son nəticədə qarşımıza qoyduğumuz məqsədlərə çatacağıq. Yeni avadanlıqları nümayiş etdirmək və xidmətlərimiz haqqında məlumat vermək üçün hər kəsi stendimizlə tanış olmağa dəvət edirik.
Yuri Salaris, “Gruppo Energia” şirkətinin texniki mühəndisi