Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanlanmış müraciəti

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanlanmış müraciəti

2 i̇yun 2025 0000

Hörmətli iştirakçılar.

Dəyərli qonaqlar.

Hamınızı ən səmimi duyğularımla, sevgi ilə salamlayıram.

Ötən illərdə olduğu kimi, bu il də “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərin əbədi qardaş iki ölkə - Türkiyə və Azərbaycan başda olmaqla bölgəmiz üçün uğurlu olmasını diləyirəm.

Can Azərbaycan ilə yaxın münasibətlərimiz bütün sahələrdə olduğu kimi, enerji sahəsində də güclü şəkildə və qətiyyətlə davam etdirilir. Enerji sahəsində bir çox nailiyyətə illər ərzində birlikdə imza atdıq. Son illərdə yaşanan qlobal geosiyasi proseslər enerji təhlükəsizliyi məsələsində Türkiyə-Azərbaycan əməkdaşlığının nə qədər önəmli olduğunu bir daha təsdiqləmişdir.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və TANAP kimi infrastruktur layihələri ilə taclandırdığımız bu əməkdaşlığımız təkcə Türkiyə və Azərbaycana deyil, eyni zamanda, bölgənin və Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdədir.

Mart ayında açılışını etdiyimiz İğdır-Naxçıvan boru kəməri illərə və uğurlara əsaslanan enerji əməkdaşlığımızın ən yeni örnəyini təşkil etmişdir. Xəttin fəaliyyətə başlaması Naxçıvan bölgəsinin enerji təhlükəsizliyini və bizi birlikdə daha da gücləndirmişdir.

Türkiyə ilə Azərbaycan arasında elektrik əlaqələrimizin artırılması bizim üçün strateji əhəmiyyət kəsb edən digər bir layihədir. Bu çərçivədə həm Türkiyə-Naxçıvan, həm də Türkiyə-Gürcüstan interkonnektor potensialının genişləndirilməsi sürətlə atmalı olduğumuz yeni addımlardır. Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında yeni elektrik interkonnektor xəttinin yaradılması məqsədilə yaşıl elektrik nəqli və ticarəti ilə bağlı əməkdaşlığa dair anlaşma memorandumunu imzaladıq.

Bölgəmizin enerji təhlükəsizliyi və rifahı baxımından növbəti tarixi addım olan bu layihəni də, inşallah, ən qısa müddətdə yekunlaşdırmağı hədəfləyirik.

İki ölkə arasında təbii qaz sahəsində yeni layihələr üçün hələ də böyük potensialın olduğunu görürük. Uzun illərdir həm Türkiyəyə, həm də Avropaya ciddi miqdarda qaz tədarük edən Azərbaycanın dünya enerji bazarında bu strateji rolunun, xüsusilə yerləşdiyimiz mövqedə əhəmiyyəti çox böyükdür. Qarşıdakı dövrdə türkmən qazının hər birimizə fayda verəcək şəkildə Azərbaycan və Türkiyə vasitəsilə ixracı məsələsində əməkdaşlığımızı genişləndirmək üçün mühüm fürsət vardır. Bu layihə həm tədarük yollarının şaxələndirilməsinə, həm də regional rifaha töhfə verəcəkdir.

Enerji sahəsindəki bu dinamik şəraitin və proseslərin yaxından müzakirə ediləcəyi “Bakı Enerji Həftəsi”nin bütün iştirakçılarına uğurlar diləyir, bu tədbirin təşkilində əməyi keçənlərə təşəkkür edirəm.

Keçən həftə Laçında görüşdüyüm qardaşım Prezident İlham Əliyevi və bütün iştirakçıları səmimiyyətlə salamlayıram.

Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti


RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN