Sərginin peşəkar səviyyəsinin ildən-ilə artdığını müşahidə edirəm
4 i̇yun 2025
0000
Denis Qarmaşev,
"Biray" şirkətinin regional direktoru
Mən Almaniyanın enerji və neft-qaz sektoru üçün bağlayıcı armaturların istehsalı və satışı üzrə ixtisaslaşan "Biray" şirkətini təmsil edirəm. Azərbaycanla artıq 15 ildir ki, sıx əməkdaşlıq edirik. Burada çoxsaylı tərəfdaşlarımız var, onların arasında SOCAR, Baku Steel Company, Baku Shipyard kimi böyük adları xüsusilə qeyd edə bilərəm.
Azərbaycanda uzunmüddətli fəaliyyətimiz müəyyən ənənələrin formalaşmasına səbəb olub. Belə ki, biz hər zaman sərgi platformasından sahədəki yeni tendensiyaları, istiqamətləri və texnologiyaları öyrənmək, tərəfdaşlarla görüşmək və yenilərini tapmaq, bazarın rəqabət xəritəsi barədə məlumat toplamaq üçün istifadə edirik. Bu ilki sərgidə digər şirkətlərlə yanaşı, duzsuzlaşdırma texnologiyası ilə məşğul olan bir şirkətlə əhəmiyyətli görüş keçirdim. Bizim bağlayıcı armaturlar bu cür zavodlarda da tətbiq olunduğundan, bu görüşdən müsbət nəticələr gözləyirəm.
Mən "Caspian Power" sərgisinin daimi ziyarətçisiyəm və hər il bu tədbirin peşəkarlıq səviyyəsinin istər iştirak edən şirkətlərin təmsilçiliyi baxımından, istərsə də onların təqdim etdiyi məhsul və xidmətlərin keyfiyyətinə görə artdığını görürəm. Fikrimizcə, müxtəlif ölkə və regionlardan olan şirkətlərin sərgidə geniş iştirakı Azərbaycanın bütün iqtisadi sahələrinin inkişafı üçün son dərəcə faydalıdır.
Bu il qeyd olunan sərginin 30 illik yubileyi bir daha sübut edir ki, o, hər zaman bu sahənin mühüm hərəkətverici qüvvəsi, peşəkarların görüş yeri və sənayenin ən son yenilikləri ilə texnologiyalarının nümayişi üçün ideal platforma olmuşdur. Bütün bunlar həm Bakı şəhərinə, həm Azərbaycan dövlətinə, həm də bütövlükdə regiona xidmət edir. Uğurlar və firavanlıq arzulayıram!