“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin əsas missiyası Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini istehsalçılardan satın almaqla istehlakçıları fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz etməkdən, yeni texnologiyalar tətbiq olunmaqla paylayıcı şəbəkələrin maddi-texniki bazasını müasirləşdirməkdən, habelə bu sahənin inkişafı ilə bağlı digər zəruri tədbirləri həyata keçirməkdən ibarətdir.
“Azərişıq” ASC tərəfindən öz üzərinə düşən missiyanın layiqincə yerinə yetirilməsi məqsədilə ölkənin bütün ərazilərində genişmiqyaslı yenidənqurma və təmir işləri həyata keçirilir, şəbəkə infrastrukturunun müasirləşdirilməsi, qabaqcıl və innovativ texnologiyaların tətbiq edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür, istismar müddəti bitmiş avadanlıqlar texniki baxımdan daha müasir və güclü avadanlıqlarla yenilənir, yeni yarımstansiyalar tikilir, uzun müddət istismarda olan naqil və açıq tipli hava xətləri yeni müasir tipli izolyasiyalı naqillər ilə əvəz olunur.
Bu gün stendimizdə günəş panelləri və külək turbinləri nümayiş olunur. Yarımstansiyalarda günəş panelləri quraşdırmaqla biz elektromobillərin şarj stansiyalarında onlardan enerji ala bilərik. 2024-cü ildə Azərbaycan Respublikasında 147 belə şarj stansiyasının quraşdırılması planlaşdırılır. Prioritet istiqamətlərimizdən biri də 35 kV-luq kabellərdən istifadə etdiyimiz Qarabağda karbon emissiyalarının azaldılması ilə bağlı aparılan işlərdir.
“Azərişıq” hər il “Caspian Power” sərgisində iştirak edir. Ən son texnologiyaları digər şirkətlərə nümayiş etdirmək, eləcə də digər yerli və xarici şirkətlərin məhsulları və ən son texnologiyaları ilə tanış olmaq bizim üçün vacibdir. Hazırda əlaqə saxladığımız və danışıqlar apardığımız 20-dən çox şirkət var. Bunlar əsasən elektrik enerjisi sektoru üzrə ixtisaslaşmış şirkətlərdir.
Sərgi bərpa olunan enerji sahəsində bir çox iştirakçıdan daxil olan yeni və maraqlı təklifləri araşdırmaq və qiymətləndirmək üçün yaxşı imkan yaradır. Bu, bizə inkişaf etməyə və irəli addımlamağa kömək edir. Hesab edirəm ki, bu cür sərgilərin təşkili şübhəsiz ki, enerji sektorunun inkişafı baxımından çox vacibdir. Bu, bizim üçün çox maraqlı təcrübədir.
Məmməd Məmmədov, “Azərişıq” ASC-nin Ekoloji Təmiz Enerjinin və Elektromobillik İnfrastrukturunun Planlaşdırılması Şöbəsinin müdiri