İyun ayının 2-də Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi- “Caspian Oil and Gas” öz işinə başlayıb. Sərgi regionun əsas sənaye tədbirlərindən biri olan və hər il dünya enerji liderlərini bir araya gətirən “Baku Energy Week” çərçivəsində keçirilir. Bu il “Baku Energy Week” çərçivəsində üç əhəmiyyətli tədbir- 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgisi “Caspian Power” və 30-cu Yubiley Bakı Enerji Forumu birləşdirilib.
Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində təşkilatçılar adından “ICA Events” şirkətinin İdarə Şurasının müşaviri, Böyük Britaniyadan Tomas Hörd çıxış edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər il açılış mərasimində iştirakı tədbirin yüksək statusunu bir daha nümayiş etdirdi. Dövlət başçısı çıxışında yubiley sərgisinin iştirakçılarını təbrik edərək, bu möhtəşəm hadisənin tarixi və beynəlxalq əhəmiyyətini vurğulayıb və “Caspian Oil and Gas” layihəsinin təşkilatçılarına və tərəfdaşlarına uğurlar arzulayıb.
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə baş məsləhətçisi Vyatt Toehlke sərgi iştirakçılarına ABŞ Prezidenti Donald Trampın müraciətini çatdırdı.
Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərgi iştirakçılarına ünvanladığı məktubu səsləndirdi.
Azərbaycanın qlobal neft strategiyası ölkənin yeni müstəqil dövlət kimi imicini təsdiqləyən və Bakı şəhərini təkcə regionun deyil, həm də dünyanın enerji siyasətində mühüm mərkəzə çevirən “Əsrin müqaviləsi” ilə sıx bağlıdır. Bu mühüm məqam tədbirdə çıxış edən xarici rəsmi şəxslərin nitqlərində də xüsusi vurğulanıb.
Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru Kristina Lobillo Borrero, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qays, Böyük Britaniya Xarici İşlər, Birlik və İnkişaf Nazirliyi və Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Nazirliyinin Birgə Beynəlxalq Enerji Bölməsinin rəhbəri Sofi Vestleyk yubiley münasibətilə təbriklərini çatdırıb, “Caspian Oil and Gas” sərgisinə və Bakı Enerji Forumuna uğurlar arzulayıblar.
Bakı Enerji Həftəsində iştirak edən beynəlxalq nümayəndələrin və respondentlərin yekdil fikrinə görə, “Caspian Oil and Gas” sərgisi neft, qaz və enerji sahəsinin aparıcı mütəxəssislərinin ənənəvi görüş yeridir. Burada gələcək əməkdaşlığa dair memorandumlar, sazişlər və müqavilələr imzalanır.
Açılış mərasimindən sonra Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində sərgi iştirakçılarının stendləri ilə tanış olub.
“Baku Energy Week” keçirildiyi illər ərzində regional və beynəlxalq səviyyədə etibarlı enerji platforması statusunu qazanıb. İlk gündən etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı məkana çevrildi. Keçirildiyi 30 il ərzində "Baku Energy Week" Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə vermiş, dünyanın 80 ölkəsindən 9000-dən çox şirkəti, 170 000-dən artıq ziyarətçini cəlb etmişdir.
Bu il “Baku Energy Week” 39 ölkədən 267 şirkəti qəbul edir. Ölkələr arasında Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya, Bolqarıstan, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Qvineya-Bisau, Lüksemburq, Macarıstan, Misir, Monako, Niderland, Norveç, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya iştirak edir. Almaniya Federativ Respublikası Milli pavilyon ilə iştirak edir.
Sərgi çərçivəsində neft-qaz sahəsində ixtisaslaşan tanınmış nəşriyyatlar, jurnallar, qəzetlər, informasiya agentlikləri və onlayn media qurumlarının stendləri də nümayiş olunacaq. Bu il sərgi iştirakçılarının 35%-ni yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 70%-ni xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40%-ni əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər.
30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgisinin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, dekarbonizasiya, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq.
13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgisində beynəlxalq və yerli şirkətlərin energetika və yaşıl enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaqdır. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri, enerji resurslarına qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunacaqdır.
Sərgilər çərçivəsində ənənəvi olaraq B2B və B2G formatlarında ikitərəfli işgüzar görüşlər təşkil olunur. Bu görüşlər zamanı yerli və xarici şirkətlərin nümayəndələri əməkdaşlıq imkanlarını və tərəfdaşlıq münasibətlərinin inkişaf yollarını müzakirə edəcəklər. Həmçinin bir sıra sessiyalar və panel müzakirələri keçiriləcək.
30-cu Yubiley "Baku Energy Week" çərçivəsində "Smart Energy Hub" adlı xüsusi startap zonası təqdim olunacaq. Burada yerli və xarici ölkələrdən olan startap layihələri təqdim ediləcək və ümumilikdə 10 stend nümayiş olunacaq. Bu zona startapçılara öz qabaqcıl həllərini və strategiyalarını enerji sahəsinin aparıcı şirkətləri və digər maraqlı tərəflərə təqdim etmək üçün unikal imkan yaradacaq.
“Baku Energy Week” çərçivəsində keçirilən tədbirlər Azərbaycan Respublikasının Energetika Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.
“Baku Energy Week”in təşkilatçıları “Iteca Caspian” şirkəti və onların beynəlxalq tərəfdaşları — “ICA Events” və “CEM FZ LLC” şirkətləridir.