Günəş panellərinin ən iri istehsalçısı
2 i̇yun 2025
0000
Durbek Otajonov,
Longi şirkətinin Mərkəzi Asiya üzrə regional direktoru
Şirkətimiz dünyada ən qabaqcıl enerji texnologiyası istehsalçılarından biridir və rahatlıqla deyə bilərik ki, biz günəş panellərinin ən iri istehsalçısıyıq. Mərkəz ofisimiz Çində yerləşir və dünyanın müxtəlif ölkələrində nümayəndəliklərimiz və layihələrimiz mövcuddur. Azərbaycanda fəaliyyətimizə təxminən iki il əvvəl başlamışıq, ondan əvvəl isə məhsullarımızı distribyutorlar vasitəsilə təqdim edirdik. Hazırda ölkədə rəsmi distribyutorlarımız fəaliyyət göstərir və bu il sərgidə iştirak etmək qərarını verdik. Məqsədimiz regionda biznesimizi genişləndirmək və böyük şirkətlərlə əməkdaşlıq qurmaqdır. Artıq Masdar layihəsində iştirak etmişik və həmin layihədə Longi panelləri uğurla tətbiq olunub. Bu, Azərbaycandakı fəaliyyətimizin uğurlu nümunəsidir.
Azərbaycanda keçirilən sərgidə biz əvvəlki illərdə də ziyarətçi kimi bir neçə dəfə iştirak etmişik. Bu il isə artıq öz stendimizi qurmağa qərar verdik. Bu bizim üçün yeni nəsil X10 və Hi-MO 7 panellərimizi təqdim etmək baxımından mühüm fürsətdir. Bu panellər dünyada ən yüksək məhsuldarlığa malik sistemlərdən hesab olunur – onların effektivliyi 24,8%-ə çatır və bu göstərici bizə bazarda liderlik mövqeyi qazandırır. “Energetika və Yaşıl Enerji” sərgisinin sənaye üzrə regionda ən böyük tədbirlərdən biri olduğunu görürük, bu platforma dövlət rəhbərliyi səviyyəsində də diqqət mərkəzindədir. Belə bir sərgidə iştirak bizə aparıcı şirkət və tərəfdaşlarla əlaqələr qurmaq, müştəri bazamızı genişləndirmək və yaşıl enerji sahəsində mövqeyimizi möhkəmləndirmək üçün əlavə imkanlar yaradır.
Gələcəkdə yaşıl enerji sahəsində fəaliyyət göstərən daha çox şirkətin bu cür tədbirlərdə iştirak etməsini arzulayırıq. Azərbaycanda artıq BP kimi enerji layihələri ilə məşğul olan iri şirkətlər mövcuddur, lakin günəş və külək enerjisi sahəsində hələ ki, çox sayda iştirakçı yoxdur.Biz hesab edirik ki, bu sahədə fəaliyyət göstərən şirkətlərin artması sektorun daha sürətli inkişafına səbəb olacaq və daha yüksək nəticələrin əldə olunmasına kömək edəcək. Biz bu təşəbbüsü dəstəkləməyə və Azərbaycanda yaşıl enerjinin inkişafında fəal iştirak etməyə hazırıq, yeni layihələrin həyata keçirilməsi üçün məhsullarımızı və texnologiyalarımızı təqdim edirik.