“Bakı Enerji Həftəsi” dünya sənaye liderlərini bir araya topladı

“Bakı Enerji Həftəsi” dünya sənaye liderlərini bir araya topladı

1 i̇yun 2026 0000
1 iyun tarixində Bakı Ekspo Mərkəzində üç mühüm tədbiri birləşdirən “Bakı Enerji Həftəsi”nə (Baku Energy Week) start verildi: 31-ci Beynəlxalq “Xəzərin Neft və Qazı” sərgisi (Caspian Oil and Gas), 14-cü Xəzər Beynəlxalq “Təmiz Enerji” sərgisi (Caspian Power) və 31-ci Bakı Enerji Forumu. Eyni zamanda, Bakı Enerji Həftəsi çərçivəsində 23-cü Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” sərgisi — TransLogistica Caspian da keçirilir.
Bakı Enerji Həftəsinin ən mühüm hadisəsi Azərbaycan Prezidenti İlham Əliyevin Caspian Oil and Gas sərgisinin rəsmi açılış mərasimində etdiyi çıxış oldu. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın qlobal neft strategiyası ölkənin müstəqillik tarixində mühüm mərhələ hesab olunan və yeni müstəqil dövlətin beynəlxalq nüfuzunun formalaşmasında əhəmiyyətli rol oynamış “Əsrin müqaviləsi” ilə ayrılmaz şəkildə bağlıdır. Bu möhtəşəm hadisənin tarixi və beynəlxalq əhəmiyyətini qeyd edən Prezident sərgi iştirakçılarını təbrik edərək, Caspian Oil and Gas layihəsinin təşkili və inkişafında əməyi olan hər kəsə uğurlar arzuladı.
Daha sonra ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin sərgi iştirakçılarına ünvanladıqları təbrik məktubları səsləndirildi.
Bakı Enerji Həftəsinin açılış mərasimində ABŞ Dövlət Katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi cənab Keyleb Orr, Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Böyük Britaniyanın Şərqi Avraopa və Mərkəzi Asiya üzrə Ticarət Komissarı Devid Rid, Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru xanım Kristina Lobillo Borrero, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) baş katibi cənab Robert Mşelbila və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru çıxış etdilər.
Xarici ölkələrin rəsmi nümayəndələri öz çıxışlarında Bakının qlobal enerji siyasətinin mühüm mərkəzlərindən biri kimi nüfuzunun ildən-ilə daha da gücləndiyini qeyd etdilər. Natiqlər Azərbaycanın həm regionun, həm də bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji rol oynadığını vurğuladılar. Bununla yanaşı, ölkənin Avrasiya məkanında beynəlxalq nəqliyyat marşrutlarının və enerji dəhlizlərinin qovuşduğu mühüm logistika mərkəzi kimi əhəmiyyəti xüsusi olaraq qeyd edildi.
Xəzər regionunun nüfuzlu enerji tədbiri dünya sənaye liderlərini, aparıcı qlobal enerji şirkətlərini, dövlət qurumlarını, investorları və beynəlxalq ekspertləri bir araya topladı.
“Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə Bakı Konqres Mərkəzində keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu və əhəmiyyətini vurğulayır.
Bakı Enerji Həftəsi, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə təsis edilmiş “Caspian Oil and Gas” sərgisinin məntiqi davamına çevrilib və bu gün Azərbaycanın ilk milli sərgi brendi adını layiqincə daşıyır.
ABŞ və Türkiyə prezidentləri, eləcə də Böyük Britaniyanın Baş naziri kimi dünya liderlərinin iştirakçılara ünvanladığı salamlama məktubları bu tədbirin beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini bir daha təsdiqləyir.
Uzun illərdir ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının    Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) baş tərəfdaş qismində çıxış edir.
Bu il “Bakı Enerji Həftəsi”ndə dünyanın 44 ölkəsindən 274 şirkət iştirakını təsdiqləyib ki, onların da 35%-ni yeni şirkətlər təşkil edir. İştirakçıların təxminən 60%-i xarici şirkətləri təmsil edir ki, bu da beynəlxalq əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir.
Tədbirin  iştirakçıları, eləcə də tərəfdaşları və sponsorları sırasında “ABB”, “Acwa”, “AZEL Systems LLC”, “Baku Steel Company”, “bp”, “ExxonMobil”, “XRG”, “Gap İnşaat”, “GL”, “Gran Tierra Energy”, “Inpex”, “INTI”, “KPMG”, “Kolin İnşaat”, “Masdar”, “MOL Group”, “SLB”, “Umid Babek Operating Company (UBOC)”, “TotalEnergies” və “Türkiye Petrolleri AO”  kimi nüfuzlu şirkətlər yer alır.
“Caspian Oil and Gas” sərgisinin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, dekarbonizasiya, qazma sahəsi,  eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq.
“Caspian Power” sərgisində beynəlxalq və yerli şirkətlərin energetika və yaşıl enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaqdır. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri, enerji resurslarına qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunacaqdır.
“Bakı Enerji Həftəsi”nin işgüzar proqramı panel müzakirələri, innovativ, кейс, foresight-case, foresight və peşəkar sessiyalar, təqdimatlar və imzalanma mərasimləri, eləcə də ənənəvi B2B və B2G formatlı görüşləri nəzərdə tutur.
Bakı Enerji Həftəsinin təşkilatçıları “Iteca Caspian” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. Tədbir Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.

 

Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN