ACWA Power – Azərbaycanın yaşıl enerji gələcəyinə sadiq tərəfdaş
2 i̇yun 2025
0000
ACWA Power enerji və su sahəsində qlobal lider olmaqla yanaşı, dünyanın eyni zamanda bərpa olunan enerji, yaşıl hidrogen və duzsuzlaşdırılmış su üzrə ixtisaslaşan və bu üç gələcək üçün kritik sahədə lider olan yeganə şirkətidir. Dünyanın ən böyük özəl su duzsuzlaşdırma şirkəti olaraq, hər gün 9.5 milyon kubmetrdən artıq təmiz su ilə təminat həyata keçiririk.
ACWA Power-ın missiyası – elektrik enerjisi və duzsuzlaşdırılmış suyu etibarlı, dayanıqlı və mümkün olan ən aşağı qiymətə təmin etməkdir. 14 ölkədə fəaliyyət göstərən şirkət olaraq biz həm milli enerji strategiyalarına dəstək verir, həm də qlobal təmiz enerji keçidini sürətləndirmək istiqamətində töhfə veririk.
Azərbaycanda biz Prezident İlham Əliyevin rəhbərliyi ilə irəli sürülən yaşıl enerji vizyonuna və geniş miqyaslı davamlı inkişaf hədəflərinə dərin sadiqlik nümayiş etdiririk. Bu öhdəliyimizin təcəssümü olaraq, cari ilin sonunadək istismara verilməsi planlaşdırılan 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyası layihəmiz regionda bərpa olunan enerjinin inkişafında mühüm mərhələ olacaq.
Azərbaycana uzunmüddətli və artan öhdəliyimizi nümayiş etdirən digər önəmli addım isə ölkənin ilk iri miqyaslı duzsuzlaşdırma layihəsi üzrə ACWA Power-ın qalib seçilməsi olub. Gündəlik 300,000 kubmetr tutuma malik bu layihə yalnız su təhlükəsizliyini deyil, eyni zamanda Azərbaycanın ekoloji və davamlılıq məqsədlərinin reallaşmasını da dəstəkləyəcək.
Hər il Bakı Enerji Həftəsində iştirak etməkdən qürur duyuruq. Bu mühüm platforma hökumət tərəfdaşları, sənaye liderləri və innovatorlarla birgə əməkdaşlıq etməyə imkan yaradaraq, Azərbaycanın və regionun daha yaşıl və dayanıqlı gələcəyinin qurulmasına töhfə verməyimizə şərait yaradır.